“Yaşıl dünya naminə həmrəylik ili”ndə ağacəkmə aksiyaları davam edir. Növbəti aksiya bu gün-Novruz bayramının ikinci çərşənbəsi olan Od çərşənbəsində Müşfiqabad qəsəbəsində keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin nümayəndələrinin, benefisiarların, ekokönüllülərin və “İnklüziv DOST” könüllülərinin iştirakı ilə 1 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Ağacəkmə aksiyalarını keçirməkdə məqsədimiz ağacəkmə işini ümummilli hədəflərimizdən birinə çevirmək, bizi birləşdirən ənənə halına gətirməkdir. Artıq ictimaiyyət nümayəndələri, dövlət və özəl təşkilatlar, könüllülər böyük həvəslə ağacəkmə aksiyalarına qoşularaq cəmiyyətimizdə bu xeyirxah ənənənin formalaşmasına dəstək olurlar.